Bədəndə su çatışmazlığı müxtəlif orqan və sistemlərdə bir sıra problemlərə səbəb ola bilər və bu, xüsusilə yaşlı insanların sağlamlığına təsir göstərir. 

 Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina ətraflı danışıb.

O, qeyd edib ki, insanın gündə ən azı 2 litr su içməli olduğunu iddia edən yayğın fikirlər tam da doğru deyil. Hər bir insan individualdır və su norması hər kəs üçün fərqlidir. Təxmini normanı bu düsturla hesablamaq olar: 1 kq çəkiyə 30 ml su içilməlidir.

Həkim onu da diqqətə çatdırıb ki, gün ərzində suyun bərabər şəkildə içilməsi vacibdir. Yəni bütün gün su içməyi unudub, birdəfəyə bir litr içmək doğru deyil. Belə yanaşma orqanizmə, o cümlədən sidik sisteminə əlavə yük yaradır. Hər 20 dəqiqədən bir 2-3 qurtum içmək daha yaxşıdır.

Solomatina su çatışmazlığının fəsadlarının çox olduğunu vurğulayıb. Bu, beyinə, insanın vəziyyətinə və davranışına mənfi təsir göstərir, böyrək daşlarının əmələ gəlməsinə səbəb olur, immun sistemini zəiflədir, mədə-bağırsaq traktı, ağciyər, qaraciyər və digər daxili orqanların işində problemlər yaradır.

Kifayət qədər su olmadıqda orqanizm ona qənaət etməyə başlayır. Bu, yüksək təzyiq, çəki artımı və arıqlamaqda çətinliklərlə nəticələnir. 

Həmçinin, suyun olmaması zahiri görünüşə, xüsusən də dəri, saç və dırnaqların vəziyyətinə mənfi təsir göstərir.

Eyni zamanda diyetoloq vurğulayıb ki, çay, kofe, pivə kimi içkilər orqanizmin maye tələbatını ödəmir, əksinə, daha çox susuzluğa səbəb olur.