İstehsal prosesinin məqbulluğunu müəyyən edən, ticarət şəbəkələrində yerləşdirilən məhsullara tətbiq olunmayan, çirklənmənin yol verilən həddini göstərən və həmin hədlərdən yüksək nəticələr aşkar edildikdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə müvafiq olaraq, texnoloji prosesin təhlükəsizliyini təmin etmək üçün tənzimləyici tədbirlərin həyata keçirilməsinin zəruriliyini müəyyən edən meyar prosesin gigiyenik göstəricisi adlanır.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda bildirilir. Sənədə əsasən, sanitar-gigiyenik normalar, qalıqların və çirkləndiricilərin yolverilən maksimum miqdarı, gündəlik qəbul hədləri və digər parametrlər də daxil olmaqla, insan həyatının və sağlamlığının qorunmasını təmin edən, elmi cəhətdən əsaslandırılmış və normalaşdırılmış göstəricilər qida təhlükəsizliyi göstəriciləridir. İstehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə qida məhsullarının çirklənəsinin qarşısının alınmasına yönəlmiş tədbirlərin məcmusu isə qabaqcıl gigiyena təcrübəsidir. 

Qeyd edək ki, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları” qida zəncirinin müxtəlif mərhələlərində qida məhsullarının mikrobioloji təhlükəsizliyinə dair əsas göstəriciləri və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin bu sahədə vəzifələrini müəyyənləşdirir.