Diş sağlamlığını qorumağın ən vacib yollarından biri hər yeməkdən sonra dişləri fırçalamaqdır. Foodinfo.az xəbər verir ki, həkim Ester Qomes “20minutos” nəşrinə açıqlamasında bildirib ki, bu mümkün olmadıqda bəzi meyvə və tərəvəzlərdən istifadə edərək dişləri təbii yolla təmizləmək olar.

Onun sözlərinə görə, ən yaxşı seçimlərdən biri almadır. Qomes vurğulayıb ki, alma dişlərin üzərindəki örtüyü təmizləyir, diş ətini qoruyur və kofe, rəng verən içkilər və siqaretin dişlərə təsirini azaldır.

Həkim həmçinin yeməkdən sonra kərəviz, yerkökü və çiyələk yeməyi tövsiyə edib. Qomes izah edib ki, çiyələyin tərkibində bol miqdarda alma turşusu var ki, bu da diş minasını təbii şəkildə ağardır. Bundan əlavə, onun tərkibindəki ksilit adlı təbii şirinləşdirici diş daşına səbəb olan bakteriyaları məhv edir.

Mütəxəssis bildirib ki, bu dörd məhsul yeməyin sonunda qəbul edildikdə ağız boşluğunda yaranan turş mühit neytrallaşır və bakteriyaların çoxalması azalır. Bu da dişlərin çürüməsinin qarşısını alır və diş ətinin sağlam qalmasına kömək edir.

Ester Qomes əlavə edib ki, belə sadə vərdiş dişlərin qorunmasında mühüm rol oynayır, xüsusilə də gün ərzində fırçalamaq mümkün olmadıqda. “Bu meyvə və tərəvəzlər dişlər üçün təbii fırça rolunu oynayır və gündəlik ağız baxımını xeyli asanlaşdırır,” – deyə o qeyd edib.

Mütəxəssisin fikrincə, dişləri qorumaq üçün həm düzgün qidalanma, həm də gündəlik gigiyena vərdişləri birlikdə tətbiq olunmalıdır. Yeməyi bu məhsullarla tamamladıqda dişlərin sağlamlığını qorumaq daha asan olur.