Kənd Təsərrüfatı Nazirliyi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (ETİ) və İspaniyanın “Viveros Veron” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirici vebinarda “Badam: ənənəvi əkinlərlə müqayisədə üstünlükləri və səmərəliliyi” mövzusu müzakirə olunub. Fins.az xəbər verir ki, vebinarda Meyvəçilik və Çayçılıq ETİ-nin elmi işlər üzrə direktor müavini Vahid Əliyev bu təşəbbüsün faydalı nəticələrə səbəb olacağını söyləyib. Bildirib ki, aqrar sahə üzrə vebinarların keçirilməsi fermerləri müasir texnologiyalara uyğunlaşmağa həvəsləndirmək, innovativ texnologiyalar barədə məlumatlandırmaq baxımından çox önəmlidir. İspaniyanın “Viveros Veron” şirkətinin rəhbəri Çus Veron və həmin şirkətin seleksiyaçısı Xose Martin Çarles vebinarın mövzusuna uyğun hazırladıqları təqdimatları fermer və sahibkarlara çatdırıblar. Təqdimatlarda badamın “Quarra”, “Mardia”, “Belona”, “Avijor”, “Soleta”, “Penta”, “Vairo”, “Ferragnes” kimi məhsuldar sortlarının becərilməsi qaydalarından, badam bağının salınmasına çəkilən xərc və əldə oluna bilən gəlirlərdən bəhs edib. Vebinarın sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.