Mütəxəssislər bildirirlər ki, səhər yeməyi yalnız enerji vermir, həm də insanın ümumi görünüşünə və əhvalına təsir göstərə bilər. Araşdırmalar göstərir ki, günün ilk qidası hormonların səviyyəsinə təsir etməklə insanların cazibədarlığını belə dəyişə bilir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, Fransanın Monpelye Universitetinin alimləri müxtəlif növ səhər yeməklərindən iki saat sonra insanların üz cizgilərinin necə qiymətləndirildiyini araşdırıblar. Tədqiqat zamanı müəyyən edilib ki, qida növü bədəndə cinsi hormonların səviyyəsinə təsir göstərərək qarşı cins tərəfindən qəbul edilən cazibədarlığa təsir edə bilər.

Araşdırmaya görə, karbohidrat və şirin qəlyanaltılar kişilərdə qanda qlükozanın artmasına səbəb olaraq onları qadınların gözündə daha cazibədar göstərə bilər. Lakin eyni qidalar qadınlarda əks təsir yarada və onların görünüşünün kişilər tərəfindən daha az cəlbedici qiymətləndirilməsinə səbəb ola bilər. Bu, qanda şəkərin artmasının dəriyə və bəzi hormonlara təsiri ilə izah edilir.

Bundan əlavə, yağlı və zülalla zəngin qızardılmış qidaların – məsələn, yumurta və kolbasa kimi məhsulların – həm kişilərin, həm də qadınların cazibədarlığını müəyyən qədər artırdığı müşahidə olunub. Bununla belə, mütəxəssislər xüsusilə qadınlara səhər yeməyində çoxlu rafinə olunmuş karbohidratlardan ibarət şirniyyat və xəmir məhsullarını məhdudlaşdırmağı tövsiyə edirlər.