Yeməkdən sonra çay içmək bir çox mədəniyyətlərdə geniş yayılmış vərdişdir, lakin bu adət düşündüyümüz qədər zərərsiz deyil.
Foodinfo.az xəbər verir ki, rusiyalı allergoloq-immunoloq Yelena Nasankayeva bu vərdişin həzm prosesinə mənfi təsir etdiyini bildirib. Onun sözlərinə görə, çayın tərkibində olan taninlər – polifenol birləşmələri – güclü büzücü xüsusiyyətlərə malikdir.

Məhz bu taninlər zülallarla (xüsusilə kollagen və qlütenlə) birləşərək həzm üçün vacib olan proteolitik fermentlərin, xüsusilə pepsinin fəaliyyətinə mane olur. Bu isə nəticədə zülalların parçalanmasını ləngidir və insanlarda qıcqırma, köp və qarın ağrısı kimi narahatlıqlara səbəb ola bilər.

Həkim xəbərdarlıq edib ki, çayı yeməkdən dərhal sonra deyil, yalnız 30–60 dəqiqə sonra (əgər yüngül qida qəbul edilibsə), daha ağır – zülallı və yağlı qidalar qəbul edilibsə isə ən az 90–120 dəqiqə sonra içmək məsləhətdir.