Alimlər müəyyən ediblər ki, şəkərli diabeti olan insanlarda ürəklə bağlı gizli problemlər göz müayinəsi zamanı üzə çıxa bilər. Araşdırmalar göstərir ki, bu xəstəlik yalnız qanda şəkərin yüksəlməsi ilə məhdudlaşmır, eyni zamanda bütün bədəndə damar sisteminə mənfi təsir göstərir. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, Lester Universitetinin alimləri ikinci tip şəkərli diabeti olan şəxslərdə mütəmadi göz yoxlamalarının ürək xəstəliklərini erkən mərhələdə aşkar etməyə kömək edə biləcəyini müəyyən ediblər.

Məlumata görə, ikinci tip şəkərli diabet həm iri damarları, həm də xırda damarları zədələyir. Bu prosesin ən çox tanınan fəsadlarından biri gözün tor qişasında yaranan diabetik dəyişikliklərdir və buna görə xəstələr mütəmadi olaraq göz dibi müayinəsindən keçirlər. Alimlər hesab ediblər ki, göz damarlarında baş verən dəyişikliklər ürək-damar sistemində gizli gedən problemlərin də göstəricisi ola bilər.

Bu fikri yoxlamaq üçün tədqiqatçılar ikinci tip şəkərli diabeti olan 255 xəstəni müayinə ediblər. İştirakçıların ürək fəaliyyəti xüsusi ağrısız üsullarla yoxlanılıb və əldə edilən nəticələr göz müayinələrinin göstəriciləri ilə müqayisə olunub. Təhlil zamanı məlum olub ki, göz damarlarında zədələnmə olan şəxslərdə ürəklə bağlı səssiz, yəni əlamətsiz problemlər daha çox qeydə alınır.

Xüsusilə bu xəstələrdə ürəyin qanla kifayət qədər təmin olunmaması və ürək zəifliyinin ilkin əlamətləri daha tez aşkarlanıb. Mütəxəssislərin fikrincə, bu hal şəkərli diabet zamanı damar zədələnməsinin bütün orqanizmi əhatə etdiyini göstərir. Alimlər vurğulayırlar ki, mövcud göz müayinəsi proqramları gələcəkdə ürək xəstəlikləri riskinin qiymətləndirilməsində də əlavə göstərici kimi istifadə oluna bilər.