Uşaqlarda düzgün qidalanma vərdişinin formalaşdırılması uzunmüddətli və səbr tələb edən bir prosesdir.
Foodinfo.az xəbər verir ki, rusiyalı dietoloq Natalya Mizinova valideynlərin bu mövzuda daha ardıcıl və səbirli olmalarının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, uşağın hər hansı yeni qidaya alışması üçün onu bəzən 15 dəfədən çox dadması lazım gəlir.

"Valideynlər adətən bir-iki cəhddən sonra prosesi yarımçıq qoyurlar və bu, böyük səhvdir", – deyə mütəxəssis bildirib. O qeyd edib ki, uşağın yeni qidaları qəbul etməsi üçün onun diqqətini cəlb edəcək şəkildə təqdimat da çox önəmlidir.

Parlaq rənglər, maraqlı forma və qeyri-adi servis üsulu uşağın marağını artıraraq sağlam qidaları sevməsinə yardımçı ola bilər. Mizinova əlavə edib ki, uşaqlarda dad vərdişləri hələ ana bətnində formalaşmağa başlayır. Bu səbəbdən hamiləlik dövründən etibarən ana sağlam qidalanmaya diqqət etməlidir.