
Səhər yeməyini atlamaq bir çox insana zərərsiz vərdiş kimi görünə bilər, lakin alimlərin son araşdırmaları bunun ciddi sağlamlıq fəsadlarına səbəb ola biləcəyini göstərib. Foodinfo.az xəbər verir ki, Çinin Ninsya Tibb Universitetinin alimləri metabolik sindrom riskinin səhər yeməyindən imtina edən insanlarda əhəmiyyətli dərəcədə artdığını müəyyən ediblər. Metabolik sindrom yalnız artıq çəki deyil, eyni zamanda yüksək təzyiq, qanda şəkərin və xolesterinin yüksəlməsi kimi bir neçə təhlükəli pozğunluğu özündə birləşdirir. Tədqiqat “Nutrients” jurnalında dərc olunub və onlarla min insanın iştirak etdiyi doqquz fərqli elmi işin məlumatlarına əsaslanıb.
Araşdırmanın nəticələrinə görə, səhər yeməyini müntəzəm şəkildə buraxanlarda metabolik sindromun yaranma ehtimalı 10-26% daha yüksəkdir. Ən güclü əlaqə isə qarın nahiyəsində piy yığılması və qanda artmış qlükoza səviyyəsi ilə müşahidə olunub. Mütəxəssislər bildirirlər ki, səhər qidası bədənin bioloji ritmlərini tənzimləməyə kömək edir və gün ərzində daha sabit enerji və metabolizm təmin edir. Xarici ekspertlər qeyd edir ki, səhər yeməyi etmək həm də qidalanma davranışına müsbət təsir göstərir və gün ərzində yağlı, duzlu və şəkərli məhsullara həddindən artıq meyli azaldır, – bunu Gazeta.ru-ya açıqlamasında qidalanma üzrə mütəxəssislər vurğulayıb.
Alimlər qeyd edir ki, bu nəticələr müşahidə xarakterlidir və birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etmir. Lakin buna baxmayaraq, səhər yeməyi orqanizmdə qlükoza və insulin səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır. Uzun müddət bu vərdişdən uzaq durmaq ürək-damar və endokrin xəstəliklərin inkişaf riskini artıra bilər. Uzmanların fikrincə, hətta yüngül və balanslı səhər yeməyi belə metabolizmi aktivləşdirir və orqanizmin günə sağlam şəkildə başlamasına kömək edir. Buna görə də mütəxəssislər səhər yeməyinə sadəcə vərdiş kimi deyil, sağlamlığın qorunması üçün vacib gündəlik addım kimi baxmağı tövsiyə edir.