Şampinyon dünyanın müxtəlif mətbəxlərində tez-tez istifadə olunan ən məşhur göbələklərdəndir. Onun tərkibində faydalı zülallar, vitaminlər və minerallar var. Lakin çiy göbələk yemək təhlükəlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi İlya Sençenko danışıb.
Onun sözlərinə görə, çiy şampinyonlardan zəhərlənmə halları o qədər də çox deyil, lakin mövcuddur.
"Məsələ burasındadır ki, müxtəlif amillərin təsiri altında, o cümlədən torpağın çirklənməsi səbəbindən şampinyonlarda toksinlər toplana bilər. Yabanı meşə şampinyonları isə qidada istifadə edildikdə zəhərlənmə riski xeyli artır.
Göbələklərin istilik emalı zamanı toksinlərin tam və ya qismən məhv olduğu üçün zəhərlənmə riski əhəmiyyətli dərəcədə azalır”, - deyə həkim izah edib.
Bundan əlavə, zəhərlənmə riski saxlanma zamanı məhsulun xarab olması ilə də bağlı ola bilər - göbələklər qaralır, selikli olur və xoşagəlməz qoxu yaranmağa başlayır.
Ümumiyyətlə, çiy şampinyon yemək qadağan deyil, lakin zəhərlənmə riski nəzərə alınmalıdır.
Həmçinin, meşə göbələklərini yığarkən və hazırlayarkən zəhərli "yalançı şampinyonlar"ın da olduğunu unutmamaq lazımdır.