Qastrit yalnız dərmanlarla aradan qaldırıla bilən xəstəlik deyil. Sağlamlığın bərpası üçün həyat tərzinin, xüsusilə də qidalanma vərdişlərinin yenidən nəzərdən keçirilməsi vacibdir. Foodinfo.az xəbər verir ki, bu barədə terapevt həkim İrina Çernyavskaya məlumat verib.

Həkimin sözlərinə görə, qastrit zamanı pəhriz müalicənin əsas hissəsidir. Müalicə dövründə düzgün qidalanmaya əməl edilməzsə, dərmanların təsiri də zəifləyə bilər. Ən vacib şərtlərdən biri qidalanmanın müntəzəm olmasıdır. Ayaqüstü yeməkdən, quru qidadan və uzun fasilələrdən qaçmaq lazımdır. Gündə ən azı 5 dəfə, təxminən 3 saat fasilə ilə yemək tövsiyə olunur.

Mütəxəssis həddindən artıq yeməyin də zərərli olduğunu vurğulayıb. Onun sözlərinə görə, süfrədən yüngül aclıq hissi ilə qalxmaq daha doğrudur, çünki toxluq hissi beyinə 10–15 dəqiqə gec ötürülür. Qidaların yaxşı çeynənməsi də vacibdir – hər tikənin 25–30 saniyə çeynənməsi mədənin işini asanlaşdırır.

Qastrit zamanı sadə yeməklərə üstünlük verilməlidir. Çoxsaylı inqrediyentlərdən ibarət mürəkkəb yeməklər mədədə daha çətin həzm olunur. Eyni vaxtda maye və bərk qidanın (məsələn, bulyon və kotlet) qəbul edilməsi də məsləhət görülmür. Kəskin dövrlərdə təzə kələm, qabığı sərt meyvə və giləmeyvələr kimi liflə zəngin məhsullardan uzaq durmaq lazımdır.

Həkim qeyd edib ki, saqqız (xüsusilə yeməkdən əvvəl), qazlı içkilər, yağlı və qızardılmış yeməklər, qat-qat ət bulyonları, soyuq xörəklər, güclü çay və qara qəhvə, şirniyyat və şokolad mədə üçün zərərlidir. Müalicə pəhrizində duz minimuma endirilməli, acı ədviyyatlardan imtina olunmalıdır. Qida yumşaq, zülalla və B, C, E vitaminləri ilə zəngin olmalıdır.

Püre şorbalar, qiymə yeməkləri və duru sıyıqlar mədədə daha asan həzm olunur, çiy tərəvəzlər və bifştekslər isə çətinlik yarada bilər.

Qastritin növünə görə qidalanma qaydaları

Aşağı turşulu qastrit zamanı:

İcazə verilir:
Kəskin dövrdən sonra ət və balıq bulyonları, püre şorbalar, duru sıyıqlar, buxarda bişmiş kotletlər, qaynadılmış toyuq, tərəvəz püreləri, kəsmik, qaynadılmış yumurta və buxarda omlet, həmçinin kisel və giləmeyvə musları.

Qadağandır:
Yağlı və qızardılmış yeməklər, liflə zəngin tərəvəzlər, sərt ət, hisə verilmiş məhsullar, tam süd, qazlı içkilər və təzə xəmir məmulatları.

Yüksək turşulu qastrit zamanı:

İcazə verilir:
Kəskinləşmədən sonrakı ilk həftələrdə toyuq bulyonlu şorbalar, süd şorbaları, azyağlı süd, çay və sıyıqlara süd əlavə etmək. Gənc tərəvəzlər buxarda və ya qaynadılmış halda, püre şəklində qəbul olunmalıdır.

Vəziyyət normallaşdıqdan sonra yumşaq qaynadılmış yumurta, yağsız ət və balıq (qaynadılmış, buxarda və ya yağsız sobada bişmiş), kotlet, sufle və kletski şəklində yeməklər icazəlidir. Ağ suxari, sadə peçenye, mayasız xəmirdən hazırlanmış məmulatlar, bişmiş alma və giləmeyvə kiseləri də rasiona daxil edilə bilər.

Qadağandır:
Blinciklər, şirin bulkalar, çovdar çörəyi, yağlı və qızardılmış yeməklər, turş süd məhsulları, kolbasa, hisə verilmiş və konservləşdirilmiş qidalar, soğan, kələm, pomidor, göbələk, turşular, marinadlar və çiy meyvələr.

Həkim vurğulayıb ki, düzgün seçilmiş pəhriz qastritin nəzarətdə saxlanılmasında və mədənin bərpasında əsas rol oynayır.