Yay aylarında rotavirus infeksiyasına yoluxma riski xüsusilə artdığı üçün mütəxəssislər qidalanmada diqqətli olmağı tövsiyə edir. Foodinfo.az xəbər verir ki, rusiyalı tanınmış immunoloq Dr. Vladimir Bolibok istirahət zamanı rotavirusdan qorunmaq üçün bir sıra faydalı tövsiyələr verib. Onun sözlərinə görə, yeməyə isti qidalarla başlamaq vacibdir – məsələn, isti şorba və ya qaynar ikinci yemək.

“Yüksək temperatur virusu məhv edir, mədə şirəsi isə 10–15 dəqiqə ərzində aktivləşərək əlavə qoruyucu qat yaradır”, – deyə o bildirib. Mütəxəssis soyuq qəlyanaltı, salat və meyvələrin yeməyin əvvəlində deyil, sonda qəbul edilməsini məsləhət görür. Xüsusilə körpələr üçün 8 aylığa qədər olan dövrdə rotavirus əleyhinə vaksinlərin effektivliyi də vurğulanıb.

Dr. Bolibok həmçinin ciddi gigiyena qaydalarına əməl etməyi, əllərin mütəmadi sabunla yuyulmasını vacib sayır. Çiy dəniz məhsullarından və mənşəyi məlum olmayan qidalardan uzaq durmaq tövsiyə olunur. Meyvə və tərəvəzlər isə yaxşıca yuyulmalı və qabıqları soyulmalıdır. Mütəxəssisin sözlərinə görə, sadə ehtiyat tədbirləri ilə həm uşaqları, həm böyükləri rotavirusdan qorumaq mümkündür.