
Daxil olan müraciət əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Qurbanov Asif Yusif oğluna məxsus süd məhsullarının emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Baxış zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Süd məhsullarının saxlanma şəraitinə əməl olunmadığı, mütəmadi olaraq təmizlik işlərinin görülmədiyi, yuma sahəsində tullantı və digər materialların saxlandığı, temperatura nəzarət cihazının yerləşdirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Həmçinin anbarda minimum keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədləri, etiket və markalanması olmayan şor, dovğa, xama, kəsmik məhsulları aşkarlanıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.


