Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası İngiltərənin “FAPAS” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlik sınaqlarına qatılıb. Çirkləndirilmiş quzu əti nümunəsində mal, at, uzunqulaq, donuz, qoyun, keçi və toyuq əti DNT-ləri üzrə müayinələr aparan Milli Referens Laboratoriyası ətin mənşəyi parametri üzrə uğurlu nəticə əldə edib. Sınaqlar molekulyar səviyyədə yüksək həssaslığa malik müayinə metodu ilə həyata keçirilib.

Qeyd edək ki, Milli Referens Laboratoriyasında qida və kənd təsərrüfatı məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, kimyəvi-toksikoloji, radioloji, parazitoloji, fiziki-kimyəvi, GMO və mənşə təyini üzrə müayinələr aparılır. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən müvafiq standartlara uyğun milli akkreditasiyadan və Almaniya Federativ Respublikasının Milli Akkreditasiya Qurumu (DAkkS) tərəfindən beynəlxalq akkreditasiyadan keçirilib. Laboratoriya Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa və Polşada 50-dən çox göstərici üzrə təşkil olunan beynəlxalq səriştəlik sınaqlarında iştirak edərək böyük müvəffəqiyyət qazanıb.