Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan” təşkil ediləcək. Sərgidə Azərbaycanla yanaşı, Belarus, Çin, Hindistan, İran, İtaliya, Polşa, Rusiya Federasiyası, Şri-Lanka, Tayland, Türkmənistan, Türkiyə və Venesueladan olan şirkətlər təmsil olunacaq. “InterFood Azerbaijan” − sərgi iştirakçılarının öz məhsullarının real satışını həyata keçirdikləri, öz şirkətləri üçün distribütorlar və nümayəndələr tapdıqları fürsət məkanıdır. Vahid platformada dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət məmulatları, süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim olunacaq.

Ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcəkdir. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər.

2024-cü ildə keçiriləcək sərgidə ilk dəfə olaraq “Agro Hackathon” müsabiqəsi keçiriləcəkdir. Sözügedən müsabiqədə proqram tərtibatçıları, interfeys dizaynerləri və kompüter proqramçılarından təşkil olunan komandalar bir araya gələrək kənd təsərrüfatı sahəsinə aid texnoloji həllər tapacaq və yeni layihələr ərsəyə gətirəcəklər. Qalib komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Bundan başqa, sərgilərdə ətraf mühitə zərərli təsirlərin ixtisar olunması istiqamətində səmərəli yolların axtarışı baxımından kənd təsərrüfatının dayanıqlı intensivləşdirilməsi və iqlim dəyişikliyi (Sustainable Agriculture and Climate Change) konsepsiyası özəlliklə vurğulanacaqdır. Bu konsepsiya aqrar sahədə məhsul istehsalının artırılması və eyni vaxtda ekologiyanın qorunması arasında tarazlığın yaradılmasına yönəldilib. Kənd təsərrüfatının dayanıqlı intensivləşdirilməsi və iqlim dəyişikliyi konsepsiyası sərginin loqosunda da öz əksini tapmışdır.

Sərgilərin tədbirlər proqramı çərçivəsində hər il mütəmadi olaraq keçirilən "Qızıl Şah" Milli Kulinariya Çempionatı baş tutacaq. 2024-cü ildə ilk dəfə olaraq, bu çempionat çərçivəsində “Beynəlxalq Kulinariya Çempionatı” təşkil olunacaq və bu yarışmada 7 müxtəlif ölkədən kulinarlar, eləcə də 15 ölkədən beynəlxalq hakimlər iştirak edəcəklər. Bundan başqa, sərginin təqdimat zonasında “Beynəlxalq Aqrar İnnovasiyalar Forumu” təşkil olunacaqdır. Forumda "Dayanıqlı kənd təsərrüfatının inkişafı iqlim dəyişikliyində", "Kənd təsərrüfatında davamlı su idarəetməsi üçün innovativ yanaşmalar", "Kənd təsərrüfatında rəqəmsal biliklərin artırılması" və digər mövzular müzakirə olunacaq.

Beləliklə, sərgilərdə iştirak edən şəxslər yeniliklərlə tanış olmaq, ixtisaslı mütəxəssislərlə məsləhətləşmək və müxtəlif iştirakçıların təkliflərini nəzərdən keçirmək imkanı əldə edəcəklər.

Sərgilərin rəsmi dəstəkçiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır (FAO).

“InterFood Azerbaijan” sərginin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Eyni zamanda, sərgi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. Sərgi haqqında ətraflı məlumatı https://interfood.az rəsmi internet səhifədən əldə etmək mümkündür.