Yuxusuzluq yalnız enerjisizlik deyil, həm də qida davranışlarını dəyişdirən bir problemdir. Foodinfo.az bildirir ki, az yatan insanlarda aclıq hissini tənzimləyən hormonların balansı pozulur. Leptin hormonu azalır, qrelin isə artır və nəticədə iştaha yüksəlir. Bu da gün ərzində daha çox kalori qəbuluna səbəb olur.

Araşdırmalar göstərir ki, yuxusuz insanlar xüsusilə şəkərli və yağlı qidalara meyil göstərirlər. Bu hal piylənmə riskini artırmaqla yanaşı, metabolizmanı da zəiflədir. Yuxusuzluq həmçinin insulin həssaslığını azaldır və şəkərli diabet riskini yüksəldir. Gecə oyaq qalmaqla tez-tez qəlyanaltılar etmək vərdişi yaranır.

Bu, xüsusilə stressə bağlı emosional yemə davranışına yol aça bilər. Orqanizmin bərpası üçün yuxu qədər vacib olan digər bir amil yoxdur. Sağlam qidalanma rejimi üçün kifayət qədər yuxu əsas şərtlərdəndir. Həm az yuxu, həm də qeyri-müntəzəm yuxu saatları orqanizmdə bir çox neqativ prosesləri işə sala bilər.