
Çölyak xəstəliyi buğda, arpa, çovdar kimi taxıllarda olan qlüten adlı zülala qarşı orqanizmin verdiyi autoimmun reaksiyadır. Bu xəstələrdə qlüten istifadəsi bağırsaq divarını zədələyir və qida maddələrinin sorulmasını pozur.
Foodinfo.az xəbər verir ki, sağlam qalmaq və fəsadlardan qaçmaq üçün çölyak xəstələri qlütendən tamamilə uzaq durmalıdır.
Çölyak xəstələri aşağıdakı qidalardan uzaq durmalıdır:
- Buğda və buğda unu (ağ çörək, lavaş, bulka, makaron, peçenye)
- Arpa (arpa əzməsi, pivə və arpa maltı)
- Çovdar (çovdar çörəyi, bəzi kəpəkli məhsullar)
- Bəzi souslar və konservlər (xüsusilə soya sousu və hazır şorbalar)
- Yarıfabrikat qidalar və qəlyanaltılar (çipslər, bulyon küpləri, sosislər)
Qlütensiz görünən bəzi məhsullar da istehsal zamanı qlütenlə çirklənə bilər. Məsələn, kartof və ya düyü özü qlütensizdir, amma eyni istehsal xəttində işlənibsə, risk daşıyır. Bu səbəbdən "qlütensiz" etiketi olan məhsullar seçilməlidir.
Çölyak xəstələrinin əsas qidası qlütensiz olmalıdır. Yemək seçərkən etiketləri oxumaq və tərkibi diqqətlə yoxlamaq şərtdir. Bu xəstələr üçün düyü, qarabaşaq, qarğıdalı, darı və təbii tərəvəz-meyvə əsas qida mənbələri sayılır.