
Protein tozları son illərdə xüsusilə idmanla məşğul olan şəxslər arasında populyarlıq qazanıb. Əzələ artımını sürətləndirmək, enerji səviyyəsini artırmaq üçün istifadə edilir. Lakin bu əlavələrin düzgün istifadəsi qədər, dozasından artıq və nəzarətsiz istifadəsi də müəyyən risklər yarada bilər.
Foodinfo.az xəbər verir ki, protein tozları yüksək miqdarda zülal ehtiva etdiyi üçün uzunmüddətli və nəzarətsiz istifadəsi böyrək funksiyalarına zərər verə bilər, xüsusilə də böyrək problemi olan şəxslər üçün risklidir.
Bu məhsul bəzən əlavə maddələr və süni dadlandırıcılar da ehtiva edir. Bu maddələr orqanizmdə yığıldıqda qaraciyərdə toksik yük yaradır.
Bəzi insanlarda protein tozu istifadə etdikdən sonra köp, qaz, ishal və ya qəbizlik kimi həzm pozğunluqları yaranır. Bu, xüsusilə laktoza həssaslığı olan şəxslərdə daha çox müşahidə olunur.
Bazarda olan bəzi keyfiyyətsiz və ya qeyri-qanuni protein tozları hormonal maddələr və steroid tərkibli əlavələr də daşıya bilər ki, bu da orqanizmin təbii hormon balansını pozur.
Protein tozlarından düzgün istifadə edilmədikdə və balanssız qidalanma ilə birləşdirildikdə artıq kaloriyə səbəb ola bilər ki, bu da əksinə, arıqlamaq əvəzinə çəki artımına yol aça bilər.
Ən yaxşısı, zülalı əsasən təbii qidalardan almaqdır.