Yaz ayları bir çox insan üçün təbiətin canlandığı, günəşli günlərin başladığı xoş bir mövsüm olsa da, allergiyadan əziyyət çəkənlər üçün çətin bir dövr ola bilər. Yaz allergiyalarının əsas hədəflərindən biri də gözlərdir. Qızartı, qaşınma, sulanma və batma hissi yaz aylarında tez-tez rast gəlinən göz allergiyası simptomlarıdır.

Foodinfo.az göz allergiyasının əsas səbəblərini təqdim edir:

1. Polen (tozcuq) allergiyası

Yazın əsas allergenlərindən biri bitkilərin havaya buraxdığı polenlərdir. Ağaclar, otlar və çiçəklər tozcuqları yaydıqca gözlə təmas edir və allergik reaksiyaya səbəb olur. Bu, ən çox aprel–iyun aylarında müşahidə olunur, gözlərdə qaşınma, qızartı və sulanma ilə özünü göstərir.

2. Toz və havadakı allergenlər

Yaz aylarında pəncərələrin daha çox açıq qalması nəticəsində ev tozu gənələri, göbələk sporları və heyvan tükü kimi allergenlər havaya daha çox qarışır. Bu maddələr gözlərdə qıcıqlanma və allergik konjonktivit yaradır.

3. Günəş və UV şüaları

Yayda günəş şüaları gücləndikcə gözlərdə quruluq və həssaslıq artır, UV şüalarına qarşı həssas olan şəxslərdə fotokeratit (gözün səthində yanma) inkişaf edir.

4. Kosmetik vasitələr və tər

İsti havada istifadə olunan göz makiyajları, günəş kremləri və tərləmə allergik reaksiyanı gücləndirə bilər. Tərin gözə axması isə mövcud allergiyanı daha da artırır.

Kimlər daha çox risk altındadır?

- Allergik rinit (saman nezlesi) olanlar

- Astma və atopik dermatitə meylli şəxslər

- Kontakt linza istifadəçiləri

- Açıq havada çox vaxt keçirənlər

Polen çox olan saatlarda (səhər və axşam) açıq havadan uzaq durmaq, eynək taxmaq gözü birbaşa toz və polendən qoruyur,

Həmçinin gözləri tez-tez su ilə yumaq, kondisioner filtrlərini təmiz saxlamaq, göz makiyajından uzaq durmaq və kontakt linzaları az istifadə etmək lazımdır.