Uzun illər boyu xolesterolla zəngin olan qidalar insan sağlamlığına təhlükə kimi göstərilib. Yumurtanın sarısı, qaraciyər, dəniz məhsulları və bəzi süd məhsulları xolesterin tərkibinə görə “qara siyahıya” salınıb. Lakin müasir elmi araşdırmalar göstərir ki, xolesterinlə zəngin olan bütün qidalar eyni dərəcədə zərərli deyil. Hətta bəziləri sağlamlıq üçün faydalıdır.

Foodinfo.az xəbər verir ki, xolesterin orqanizmdə hormonların sintezi, hüceyrə membranlarının qurulması və D vitamininin əmələ gəlməsi üçün vacib olan yağabənzər maddədir. Bədən özü də qaraciyər vasitəsilə xolesterin istehsal edir. Qidalarla qəbul edilən xolesterin isə bu balansa təsir edə bilər, amma bu təsir hər zaman mənfi olmur.

Əvvəllər düşünülürdü ki, xolesterinlə zəngin yeməklər qandakı xolesterini artırır. Lakin son illərin araşdırmaları göstərib ki, qidalarla qəbul edilən xolesterin qan xolesterin səviyyəsinə çox az təsir edir. Əsas problem doymuş yağlar və trans yağlardır, bunlar orqanizmdə LDL (pis xolesterin) səviyyəsini artırır.

Xolesterinlə zəngin olsa da, doymamış yağlar və antioksidantlarla dolu qidalar əksinə, sağlamlığa müsbət təsir edə bilər.

Xolesterolla zəngin, amma faydalı qidalar:

1. Yumurta sarısı

Yüksək xolesterin tərkibinə baxmayaraq, yumurta B12, D vitamini, folat, kolin və yüksək keyfiyyətli zülallarla zəngindir. Araşdırmalar göstərir ki, gündə 1–2 yumurta sağlam insanlar üçün təhlükəli deyil, əksinə faydalıdır.

2. Dəniz məhsulları (karides, kalmar, midye)

Bunlar xolesterinlə zəngin olsa da, az doymuş yağ ehtiva edir və omeqa-3 yağ turşuları ilə zəngindir. Ürək sağlamlığını dəstəkləyir və iltihab əleyhinə təsir göstərir.

3. Qaraciyər və daxili orqan ətləri

Həddindən artıq və tez-tez istifadə tövsiyə olunmasa da, bu məhsullar dəmir, A vitamini, sink və selen kimi faydalı maddələrlə zəngindir.

4. Bəzi süd məhsulları (pendir, kərə yağı)

Əgər təbii və keyfiyyətli şəkildə hazırlanıbsa, məhdud miqdarda istifadə zamanı faydalı ola bilər. Qatıq və kefir probiotik tərkibə görə xüsusilə dəyərlidir.

Xolesterindən çox bunlara diqqət yetirmək lazımdır:

- Trans yağlar (fast-food, paketlənmiş şirniyyatlar)

- Rafinə olunmuş karbohidratlar (ağ çörək, şirin içkilər)

- Həddindən artıq doymuş yağlar (qızartmalar, bəzi kolbasa və sosislər)

Bu qidalar həm LDL-ni (pis xolesterin), həm də ürək-damar xəstəlikləri riskini artırır.