
Qida allergiyası immun sisteminin müəyyən qida maddələrini zərərli kimi tanıması və ona qarşı reaksiya verməsi ilə ortaya çıxan bir xəstəlikdir. Normalda zərərsiz olan bu qidalar allergiyalı insanlarda çox güclü və bəzən həyati təhlükə yarada bilən reaksiyalar doğura bilər. Bu vəziyyət, sadəcə narahatlıq deyil, düzgün diaqnoz və idarəolunma tələb edən ciddi tibbi problemdir.
Foodinfo.az xəbər verir ki, allergiya bədənin immun sisteminin qidaya qarşı IgE adlı anticisimlər yaratması ilə başlayır. Bu anticisimlər törədici qida maddəsini (məsələn, fıstıq proteini) yad kimi qəbul edir, bədənin histamin kimi maddələr ifraz etməsinə səbəb olu, nəticədə allergik simptomlar meydana çıxır.
Bu reaksiya bir neçə dəqiqə içində baş verə bilər və yüngüldən ağır formaya qədər dəyişə bilər.
Uşaqlarda və böyüklərdə fərqli ola bilsə də, ümumilikdə ən çox allergik təsir yaradan qidalar bunlardır:
1. Süd
2. Yumurta
3. Fıstıq (yer fıstığı)
4. Qoz, badam, fındıq və s.
5. Balıq
6. Dəniz məhsulları (karides, ilbiz, midiya və s.)
7. Soya
8. Buğda
Bu 8 qida bütün qida allergiyalarının 90%-ni təşkil edir.
Yüngül simptomlar:
- Qaşınma, səpmə, qızartı
- Burun axması, asqırma
- Qarın ağrısı, qaz, ishal
- Dodaq və dil şişməsi
Ağır simptomlar (anafilaksi):
- Boğazda sıxılma hissi
- Tənəffüs çətinliyi, nəfəs darlığı
- Ürək döyüntüsünün artması
- Başgicəllənmə, bayılma
- Anafilaktik şok – təcili tibbi yardım tələb edir.