
Son illərdə sağlamlıq və arıqlama sahəsində bir çox insan karbohidratları “düşmən” elan edib. “Low-carb”, “keto” və “şəkərsiz həyat” kimi pəhrizlər yayılıb, nəticədə bir çoxları ümumiyyətlə karbohidratlardan imtina etməyə çalışır.
Foodinfo.az xəbər verir ki, karbohidratlar zülallar və yağlarla birlikdə bədənin əsas enerji mənbələrindən biridir. Beyin, əzələlər və orqanlarımız qlükoza ilə qidalanır, bu da karbohidratlardan alınır.
Karbohidratların əsas funksiyaları enerji vermək, beynin fəaliyyətini dəstəkləmək, həzm sistemini tənzimləmək, hiss və hormon balansına təsir etməkdir. Yəni karbohidratsız bir bədən yanacaqsız bir maşına bənzəyir. Problem karbohidratda deyil, onun keyfiyyətində və miqdarındadır.
Karbohidratlardan tamamilə imtina etmək yorğunluq və halsızlıq yaradar, beyin fəaliyyəti zəifləyər, qəbizlik və həzm problemlərinə səbəb olar.
Eyni zamanda, həddindən artıq zülal və yağ qəbuluna yol açaraq böyrək və qaraciyər yükünü artırar. Uzun müddət davam etdikdə mood dəyişiklikləri, depressiya, yuxusuzluq meydana çıxa bilər.
Ən yaxşı yol şəkərli, ağ undan hazırlanmış məhsulları azaltmaq, əvəzində liflə və vitaminlə zəngin mürəkkəb karbohidratları seçməkdir.