Ac qarına idman (xüsusilə səhər yeməyi etmədən) bəzən yağ yandırmaq üçün effektiv sayılsa da, bütün orqanizm üçün həmişə faydalı olmaya bilər. Düzgün yanaşılmadıqda bir sıra fəsadlara da səbəb ola bilər.

Foodinfo.az ac qarına idmanın mümkün fəsadlarını təqdim edir:

1. Enerji çatışmazlığı

Bədəndə qida olmadıqda qandakı qlükoza səviyyəsi düşür, bu da halsızlıq, başgicəllənmə və yorğunluğa səbəb olur. Performans azalır, məşq keyfiyyəti aşağı düşür.

2. Əzələ itkisi (katabolizm)

Enerji üçün yağla yanaşı bədən əzələ toxumasını da parçalaya bilər. Xüsusilə uzun müddətli kardio məşqlərdə bu daha çox müşahidə olunur.

3. Hipoglikemiya riski (qan şəkərinin həddindən artıq enməsi)

Tərləmə, əsəbilik, ürək döyüntüsünün artması, hətta huş itirmə ola bilər. Xüsusilə şəkərli diabeti olanlar üçün təhlükəlidir.

4. Kortizolun (stres hormonunun) artması

Ac qarına idman zamanı bədən daha çox kortizol ifraz edir, bu da uzun müddət davam edərsə, əzələ parçalanması və maddələr mübadiləsinin pozulması ilə nəticələnə bilər.

5. Mədə problemləri

Boş mədə ilə hərəkət etmək bəzi insanlarda ürəkbulanma və ya turşuluğun artması ilə nəticələnə bilər.

Ac qarına idman etmək istəyirsinizsə, bunlara diqqət et:

- Qısa və yüngül məşqlərlə başlayın.

- Bol su için – susuzluq da enerji itkisinə səbəb olur.

- Əgər zəiflik hiss edirsinizsə, dərhal məşqi dayandırın.