
Müasir dövrdə informasiyanın bolluğu beyni daim yükləyir və bu da xroniki stressin əsas səbəblərindən birinə çevrilir.
Foodinfo.az xəbər verir ki, “Roskaçestvo”nun bitki mənşəli məhsulların inkişafı üzrə Kompetensiya Mərkəzinin rəhbəri Olesya Maxova Lenta.ru-ya açıqlamasında streslə mübarizədə qidalanmanın mühüm rol oynadığını bildirib.
Onun sözlərinə görə, rasionda bitki mənşəli məhsulların payının artırılması beynin gündəlik informasiya axını nəticəsində aldığı zərəri kompensasiya etməyə kömək edir. “Tünd rəngli giləmeyvələr – qarağat, böyürtkən, qaragilə – tərkibindəki təbii antioksidantlar sayəsində beyin hüceyrələrini zədələrdən qoruyur və qan dövranını yaxşılaşdırır. Bu, əslində rəqəmsal stressə qarşı təbii qalxan rolunu oynayır”, – deyə Maxova qeyd edib.
Mütəxəssis həmçinin vurğulayıb ki, sinir sisteminin sakitləşməsində maqnezium mühüm yer tutur. Bu vacib mineral ispanaq və digər yaşıl yarpaqlı tərəvəzlərdə, həmçinin qoz-fındıq və balqabaq toxumlarında bol miqdarda mövcuddur. “Maqnezium sinir impulslarının ötürülməsini tənzimləyir və orqanizmin stressə qarşı dözümlülüyünü artırır”, – deyə ekspert əlavə edib.
Alimlər hesab edir ki, müntəzəm olaraq bitki mənşəli qidaların qəbul edilməsi yalnız psixoloji vəziyyəti stabilləşdirmir, həm də beyin fəaliyyətini gücləndirir və yaddaşı yaxşılaşdırır. Beləliklə, balanslaşdırılmış rasion – xüsusilə giləmeyvə, yarpaqlı tərəvəzlər və toxumlarla zəngin qidalanma – stressin fəsadlarını azaltmaq və zehni sağlamlığı qorumaq üçün sadə, lakin effektiv üsul hesab olunur.