
Soyuq yeməklərin xüsusilə yay aylarında istifadəsi artsa da, bu vərdiş həzm sistemi üçün risk yarada bilər. Foodinfo.az bildirir ki, bu barədə terapevt Mariya Levinson “Medicina.ru” saytına açıqlama verib. Onun sözlərinə görə, soyuq yeməklər mədə divarlarını qıcıqlandıra və spazm yarada bilər.
Bu isə xüsusilə qastrit və ya xora problemi olan insanlarda ağrıya səbəb olur. Levinson qeyd edir ki, temperaturu aşağı olan qidalar həzm fermentlərinin aktivliyini azaldır. Bu zaman qidaların parçalanması və sorulması ləngiyir.
Soyuq şorbalar və desertlər nadir hallarda istifadə olunmalıdır. Mütəxəssis xüsusilə səhərlər isti və ya otaq temperaturunda qida qəbulunu tövsiyə edir. Soyuq içkilərin yemək vaxtı içilməsi isə qida borusunda spazm və köpə səbəb ola bilər.
İstisna hallar kimi idmandan sonra sərin proteinli smuzilər faydalı ola bilər. Amma ümumi baxışla, Levinson deyir ki, isti və ya otaq temperaturunda yeməklər daha sağlam seçimdir. Həzm üçün əsas olan orqanizmin temperatur balansını pozmamaqdır.