Arıqlamaq istəyən bir çox insan yağlı qidalardan tamamilə imtina etməyə çalışır. Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssislər bu yanaşmanın düzgün olmadığını və sağlam yağların əksinə, çəki nəzarətinə kömək etdiyini bildirirlər.

Dietoloqların sözlərinə görə, yağlar orqanizm üçün vacib qida maddələrindəndir və damar sağlamlığı, hormon tarazlığı, eləcə də maddələr mübadiləsi üçün əhəmiyyət daşıyır. Həkimlər qeyd edirlər ki, sağlam insana gündə bədən çəkisinin hər kiloqramına orta hesabla 0,8–1,1 qram yağ qəbul etmək tövsiyə olunur. Yağsız qidalanma isə uzunmüddətli və dayanıqlı arıqlamaya mane ola bilər.

Mütəxəssislər fiquranı qorumağa və eyni zamanda toxluq hissini saxlamağa kömək edən bir sıra yağlı qidaları xüsusi olaraq önə çəkirlər.

Bu siyahıda ilk yerdə avokado dayanır. Avokado tərkibindəki çoxdoymamış yağ turşuları sayəsində ürək-damar sistemini gücləndirir və qandakı zərərli xolesterinin azalmasına kömək edir. 100 qram avokadoda təxminən 160 kalori olsa da, uzunmüddətli toxluq hissi yaradır.

Qoz-fındıq və digər çərəzlər də sağlam yağ mənbəyi hesab olunur. Onlar həm doymamış yağlar, həm də liflə zəngindir. Kalorili olmasına baxmayaraq, aclığı uzun müddət aradan qaldırdığı üçün artıq çəki riskini azaldır.

Zeytun yağı Aralıq dənizi qidalanma tərzinin əsas tərkib hissəsidir. Bu yağ xroniki iltihabı azaltmağa kömək edir və piylənmə riskinin aşağı düşməsində mühüm rol oynayır.

Mütəxəssislər yağlı balıqları da xüsusilə tövsiyə edirlər. Qızılbalıq və siyənək kimi balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr piylərin yığılmasının qarşısını alır, eyni zamanda zülal hesabına uzunmüddətli toxluq yaradır.

Şirniyyat sevənlər üçün isə yaxşı xəbər var. Tünd şokolad arıqlamaq istəyənlər üçün də uyğun hesab olunur. Şərt odur ki, tərkibində kakao miqdarı yüksək, əlavə şəkər isə minimum olsun. Belə şokolad şirniyyat istəyi azaldır və daha kalorili desertlərdən uzaq durmağa kömək edir.

Pendir növləri – feta, mozzarella, çedar və digərləri – faydalı yağlar, zülal və kalsiumla zəngindir. Bu birləşmə həm artıq çəkinin azalmasına, həm də əzələ kütləsinin qorunmasına şərait yaradır.

Yumurta da arıqlama dövründə ən ideal qidalardan sayılır. Zülal və yağla zəngin olan yumurta xüsusilə səhər yeməyi üçün uyğundur və gün ərzində aclıq hissini azaldır.

Siyahını toxumlar tamamlayır. Salatlara əlavə edilən müxtəlif toxumlar həzmi yavaşladır, qan şəkərinin kəskin qalxmasının qarşısını alır və iştahanın idarə olunmasına kömək edir.

Mütəxəssislər vurğulayırlar ki, əsas məsələ yağlardan imtina etmək deyil, düzgün yağları seçməkdir. Sağlam yağların rasiona daxil edilməsi həm zövqlü qidalanmağa, həm də artıq çəkidən tədricən xilas olmağa imkan verir.