Yüksək arterial təzyiqin yaranma mexanizmi ilə bağlı mühüm elmi yenilik əldə olunub. Foodinfo.az bildirir ki, Yeni Zelandiyanın Oklend Universitetinin alimləri hipertoniyanın mənbəyinin birbaşa beyində formalaşa biləcəyini müəyyən ediblər.
Tədqiqat zamanı diqqət beynin kötüyündə yerləşən və avtomatik funksiyalara nəzarət edən xüsusi bir sahəyə yönəldilib. Məhz bu zona tənəffüs, ürək döyüntüsü və reflektor reaksiyalara cavabdehdir. Alimlər siçovullar üzərində apardıqları eksperimentlərdə maraqlı nəticələr əldə ediblər. Sözügedən beyin sahəsi aktivləşdirildikdə damarların daraldığı müşahidə olunub.
Bu daralma arterial təzyiqin sürətlə yüksəlməsinə səbəb olub. Əksinə, həmin zona passivləşdirildikdə təzyiq normaya qayıdıb. Araşdırmanın rəhbəri Culian Paton bildirib ki, bu, hipertoniyaya cavabdeh olan yeni bir beyin sahəsinin tapıldığını sübut edir.
Mütəxəssisin sözlərinə görə, bəzi insanlarda pəhriz və dərmanların təsirsiz qalmasının səbəbi də məhz burada gizlənə bilər. Çünki problem bəzən damar və ya qidalanma ilə deyil, sinir sisteminin dərin mexanizmləri ilə əlaqəli olur. Alimlər bu kəşfin gələcəkdə hipertoniyanın müalicəsində yeni yanaşmaların inkişafına yol aça biləcəyini qeyd edirlər.






