Sağlam və balanslı qidalanma orqanizmin ümumi vəziyyətinə, enerjiyə və həyat keyfiyyətinə birbaşa təsir göstərir. Gündəlik rasionu daha faydalı və dadlı etmək üçün bəzən kiçik dəyişikliklər kifayət edir. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssislər sağlam qidalanma üçün mətbəxdə daim olmalı olan məhsulların siyahısını hazırlayıblar və bu siyahı orqanizmin müxtəlif ehtiyaclarını əhatə edir.

Araşdırmalara görə, keyfiyyətli yuxu sağlamlığın əsas şərtlərindən biridir. Yuxu zamanı ifraz olunan melatonin hormonu maddələr mübadiləsində iştirak edir və orqanizmin bərpasına kömək edir. Melatoninin təsirini artırmaq üçün rasiona gilas, banan, noxud, losos və tuna balığını əlavə etmək tövsiyə olunur.

Bundan əlavə, triptofan maddəsi də yuxu keyfiyyətinə təsir göstərir. Ağ düyü, ağ çörək və sadə karbohidratlarla zəngin qidalar yeməkdən sonra yüngül yuxululuq yarada bilər. Kalsium və maqneziumla zəngin məhsullar, xüsusilə süd, qatıq, pendir, tam taxıllar və banan da rahat yuxuya kömək edir.

Mütəxəssislər maddələr mübadiləsinin sürətlənməsi üçün zülal qəbulunun vacibliyini vurğulayırlar. Toyuq əti, balıq, dəniz məhsulları və yumurta həm pəhriz, həm də zülalla zəngin qidalar hesab olunur. Metabolizmi sürətləndirmək üçün təzə meyvə və tərəvəzlər də rasionda geniş yer almalıdır. Meyvələr vitamin və minerallarla zəngin olsa da, onları şirə şəklində deyil, bütöv halda yemək daha faydalıdır.

Çiy tərəvəzlər həzm sisteminin işini yaxşılaşdırır və maddələr mübadiləsini aktivləşdirir. Xüsusilə günün ikinci yarısında tərəvəzləri balıq kimi zülallarla birlikdə qəbul etmək məsləhət görülür. Ədviyyatlar və ədviyyəli bitkilər isə yeməklərin dadını artırmaqla yanaşı, həzmi stimullaşdırır və bəziləri yağların parçalanmasına kömək edir.

Dərinin sağlam və parlaq görünməsi üçün antioksidantlarla zəngin qidalar önəmlidir. Giləmeyvələr, ispanaq və yaşıl çay dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır. Vitamin E isə dəri, saç və dırnaqlar üçün xüsusilə faydalıdır və qoz-fındıq, avokado, zeytun yağı və meyvələrdə bol miqdarda mövcuddur.

Bağırsaq sağlamlığı üçün probiotiklər vacib sayılır. Qatıq, kefir və digər turş süd məhsulları bağırsaq mikroflorasını qoruyur və immuniteti gücləndirir.

Yaş artdıqca libido səviyyəsi azala bilər və bu zaman qoz-fındıq və sarımsaq rasionda mühüm rol oynayır. Qoz-fındıq vitamin və minerallarla zəngin olduğu halda, sarımsaq təbii antibiotik kimi immuniteti və ümumi sağlamlığı dəstəkləyir.

Ürək-damar sisteminin qorunması üçün omeqa-3 yağ turşuları xüsusilə vacibdir. Qırmızı balıq bu maddənin əsas mənbələrindən biridir və xolesterinin azalmasına kömək edir. Qreypfrut və alma isə ürək sağlamlığını dəstəkləyən, vitamin və minerallarla zəngin meyvələr sırasında yer alır. Mütəxəssislər bildirirlər ki, bu sadə qidaları gündəlik rasiona daxil etməklə sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkündür.