Beynəlxalq qidalanma institutlarının son araşdırmasına görə, qoz omeqa-3 yağ turşularının bitki mənşəli ən zəngin mənbəyidir. Gündə cəmi 3-4 ədəd qoz yemək damarların daxili təbəqəsini bərpa edərək qan axınını yaxşılaşdırır. Foodinfo.az "Medical News Today" saytına istinadla xəbər verir ki, qoz istehlakı yüksək təzyiqin yaratdığı fəsadları minimuma endirir.

Qozun tərkibindəki polifenollar digər bütün çərəzlərdən daha güclü antioksidant təsirə malikdir. Bu maddələr bədəndəki iltihab səviyyəsini aşağı salaraq xroniki xəstəliklərin qarşısını alır. Eyni zamanda qoz bağırsaqlardakı faydalı bakteriyaların sayını artıraraq immun sistemini daxildən möhkəmləndirir.

Dietoloqlar qozu çiy halda yeməyin vacibliyini bildirirlər, çünki qovrulmuş qozun tərkibindəki sağlam yağlar parçalana bilər. Qoz həmçinin beyin funksiyalarını dəstəkləyir, yaddaşı gücləndirir və əhval-ruhiyyəni yaxşılaşdırır. Səhər yeməyinə əlavə edilən qoz gün boyu zehni gümrahlığı təmin edir.

Yeni tapıntılar qozun həm də yuxu hormonu olan melatoninin səviyyəsini artırdığını göstərir. Bu isə yuxusuzluqdan əziyyət çəkən insanlar üçün təbii və effektiv bir həlldir. Ürək və beyin sağlamlığını eyni anda qorumaq üçün qoz rasionun vazkeçilməz hissəsi olmalıdır.