Sağılmış ana südünün düzgün saxlanması körpənin sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır.
Foodinfo.az xəbər verir ki, ana südünün saxlanma müddəti temperatur və saxlanma şəraitindən birbaşa asılıdır. Qaydalara əməl olunmadıqda süd həm qida dəyərini itirə, həm də körpə üçün risk yarada bilər.
Otaq temperaturunda (təxminən 22–25°C) saxlanılan sağılmış ana südü maksimum 4 saat təhlükəsiz hesab olunur. İsti havalarda isə bu müddət 2 saata qədər azala bilər. Bu səbəbdən süd uzun müddət çöldə saxlanmamalıdır.
Soyuducuda (0–4°C) saxlanılan ana südü isə 3–4 gün ərzində istifadə oluna bilər. Südün soyuducunun qapısında deyil, temperaturun daha stabil olduğu arxa hissədə saxlanması tövsiyə edilir.
Əridilmiş ana südü yenidən dondurulmamalıdır. Həmçinin körpə əmizdirildikdən sonra yarımçıq qalan süd sonradan istifadə üçün saxlanmamalıdır. Südün qoxusunda, rəngində və ya dadında dəyişiklik hiss olunarsa, istifadədən imtina edilməlidir.
Ana südünün təmiz, qapalı və uyğun qabda saxlanması onun qoruyucu və qidalandırıcı xüsusiyyətlərini saxlamaq üçün əsas şərtdir. Doğru saxlanma qaydalarına əməl etmək körpənin sağlam inkişafı üçün vacib hesab olunur.






