Bayram və uzun süfrələrdən sonra orqanizmdə halsızlıq, enerji azalması və ağırlıq hissi tez-tez müşahidə olunur. Foodinfo.az bildirir ki, dietoloq Marayna Cütova bu dövrdə yüngül, lakin qidalı məhsullara üstünlük verilməsinin vacibliyini vurğulayıb. Mütəxəssisin sözlərinə görə, ilk növbədə az yağlı zülal mənbələri rasiona daxil edilməlidir. Toyuq filesi, yumurta, kəsmik və balıq toxumaların bərpasına kömək edir və uzunmüddətli toxluq hissi yaradır.

Diyetoloq mürəkkəb karbohidratların da əhəmiyyətinə diqqət çəkib. Qarabaşaq, yulaf və kinoa qan şəkərinin səviyyəsini sabit saxlayaraq enerjinin tədricən artmasını təmin edir. Tərəvəzlər isə orqanizmi vitamin və minerallarla təmin etməklə yanaşı, həzmi də asanlaşdırır. Qadınlara dəmir ehtiyatını artırmaq üçün göyərti və paxlalılara, kişilərə isə sink mənbəyi olan balqabaq tumları və dəniz məhsullarına diqqət yetirmələri tövsiyə olunur.

Mütəxəssis yaşıl çayın faydasını da qeyd edib. Yaşıl çay tərkibindəki L-teanin və az miqdarda kofein sayəsində orqanizmi yormadan tonuslandırır. Süfrələrdən dərhal sonra limon, alma, qreypfrut və giləmeyvələrin qəbulu detoks prosesini sürətləndirir. Bu məhsullar C vitamini və antioksidantlarla zəngindir.

Həkim bildirir ki, vitamin kompleksləri qidalanmanı tam əvəz etməsə də, əlavə dəstək rolunu oynaya bilər. Ən vacib amillərdən biri isə su balansının bərpasıdır. Duzlu yeməklər və alkoqol orqanizmdə susuzluq yaratdığı üçün təmiz su, bitki çayları və qazsız mineral su içmək tövsiyə olunur. Balanslı qidalanma və kifayət qədər maye qəbulu qısa müddətdə enerjini və zehni aydınlığı geri qaytarmağa kömək edir.