Gərgin və fiziki-emosional cəhətdən yüklü günlərdən sonra orqanizmin düzgün şəkildə dincəlməsi ümumi sağlamlıq üçün xüsusi əhəmiyyət daşıyır. Foodinfo.az bildirir ki, həkim-psixoterapevt İrina Kraşkina aktiv gündən sonra bərpa prosesinin əsas məqsədinin fizioloji və neyrokimyəvi mexanizmlərin sinxronlaşdırılması olduğunu qeyd edib. Onun sözlərinə görə, sadəcə uzanıb dincəlmək kifayət etmir, sinir sisteminin dərin tənzimlənməsi vacibdir.

Mütəxəssis ilk olaraq 4-7-8 nəfəs texnikasını tövsiyə edir. Bu üsul zamanı 4 saniyəlik nəfəsalma, 7 saniyəlik saxlanma və 8 saniyəlik nəfəsvermə parasimpatik sinir sistemini aktivləşdirir və stress hormonu olan kortizolun səviyyəsini azaldır. Axşam saatlarında 20–30 dəqiqəlik sakit gəzinti də bərpa prosesinə müsbət təsir göstərir. Qaranlıq və ya yarı kölgəli mühitdə, telefonsuz gəzinti zamanı diqqəti təbiət səslərinə və ayaqların yerə toxunuşuna yönəltmək sinir sistemini sakitləşdirir.

Həkim isti vannaların da effektiv üsul olduğunu bildirir. 37–39 dərəcə temperaturda 15–20 dəqiqəlik vanna bədən temperaturunu yüksəldir, sonrakı sərinləmə isə orqanizmdə yuxu siqnalını aktivləşdirir. Lavanda kimi sakitləşdirici ətirlərlə aromaterapiya da rahatlama effektini gücləndirir.

İrina Kraşkina enerjinin bərpası üçün 10 dəqiqə nəfəs məşqləri ilə 15 dəqiqəlik yüngül yoqanın birləşdirilməsini ideal hesab edir. Bu yanaşma əzələ gərginliyini azaldır və qan dövranını yaxşılaşdırır. Axşam yeməyinin yüngül olması, triptofanla zəngin toyuq, hinduşka, balqabaq və maqnezium mənbəyi olan göyərti və çərəzlərin seçilməsi tövsiyə olunur. Şəkər və alkoqoldan uzaq durmaq melatoninin sintezini qoruyur.

Mütəxəssis vurğulayır ki, yatmazdan əvvəl intensiv idman kortizol və adrenalin səviyyəsini artıraraq yuxunu gecikdirir. Bu səbəbdən axşam saatlarında yalnız dartınma hərəkətləri məsləhət görülür. Eyni zamanda, yuxudan 60–90 dəqiqə əvvəl elektron cihazlardan uzaq durmaq lazımdır, çünki mavi işıq melatoninin ifrazını azaldır. Həkim qeyd edir ki, stress sadəcə vaxt keçirməklə yox, sinir sisteminin dərin şəkildə rahatladılması ilə aradan qalxır.