Ağız və diş sağlamlığının qorunmasında diş fırçasının rolu böyükdür. Stomatoloqlar bildirir ki, dişlərin gündəlik təmizlənməsi qədər, istifadə olunan diş fırçasının vaxtında dəyişdirilməsi də vacibdir. Köhnə və deformasiyaya uğramış diş fırçaları ağız boşluğunda bakteriyaların artmasına şərait yaradır.
Foodinfo.az xəbər verir ki, diş fırçası orta hesabla hər 3 ayda bir dəyişdirilməlidir. Zamanla fırçanın tükləri əyilir, sərtləşir və təmizləmə qabiliyyətini itirir. Bu isə dişlərin effektiv şəkildə təmizlənməməsinə və diş əti problemlərinin yaranmasına səbəb olur.
Stomatoloqlar xüsusilə vurğulayırlar ki, qrip, soyuqdəymə, angina və digər infeksion xəstəliklərdən sonra istifadə olunan diş fırçası mütləq yenisi ilə əvəz olunmalıdır. Əks halda, fırça üzərində qalan mikroorqanizmlər yenidən infeksiyaya yol aça bilər.
Uşaqlarla bağlı da xüsusi tövsiyələr verilir. Uşaqlar diş fırçasını daha tez köhnəltdikləri üçün onun 2–3 ayda bir dəyişdirilməsi məqsədəuyğundur. Elektron diş fırçalarından istifadə edənlər isə yalnız fırçanın başlığını təxminən 3 ayda bir yeniləməlidirlər.
Diş fırçasının vaxtında dəyişdirilməsi ağız qoxusu, diş əti iltihabı və diş çürüməsi riskini azaldır.






