Qızardılmış kartof əksər insanların sevimli qidasıdır, lakin onun sağlamlığa təsiri düşündürücüdür. Foodinfo.az bildirir ki, bu qidanın yüksək temperaturda hazırlanması akrilamid kimi zərərli maddələrin yaranmasına səbəb olur. Akrilamid beynəlxalq tədqiqatlara əsasən kanserogen potensiala malik bir maddədir.

Qızartma zamanı kartofda olan nişasta parçalanaraq bu maddəni əmələ gətirir. Eyni zamanda, qızardılmış məhsulların yağ tərkibi də çox yüksəkdir. Bu da piylənmə, ürək-damar xəstəlikləri və şəkərli diabet riskini artırır. Kartofun dəfələrlə istifadə olunan yağda bişirilməsi isə trans yağların yaranmasına səbəb olur.

Trans yağlar isə xolesterin səviyyəsini artırır və damarların tutulmasına yol açır. Ev şəraitində təmiz yağda, az miqdarda və nadir hallarda hazırlanması daha məqsədəuyğundur. Alternativ olaraq sobada bişirilmiş kartof daha təhlükəsiz seçimdir. Ləzzət ilə sağlamlıq arasında seçim edərkən məlumatlı olmaq vacibdir.