
Sarıkök min illərdir həm ədviyyat, həm də şəfa məqsədilə istifadə olunan güclü təbii vasitədir. Tərkibindəki kurkumin maddəsi sayəsində güclü antioksidant və iltihab əleyhinə təsirə malikdir. Lakin sarıkök hər kəs üçün uyğun deyil. Bəzi insanlarda o, yan təsirlərə və ya sağlamlıq problemlərinə səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, bu səbəbdən bəziləri sarıkökdən az və ehtiyatla istifadə etməlidir.
1. Safra daşı və öd problemi olanlar
Sarıkök safra axınını stimullaşdırır. Bu isə safra daşı və ya öd yollarında tıxanma olan insanlarda ağrı və spazmlara səbəb ola bilər. Belə şəxslər həkim məsləhəti olmadan sarıkök qəbul etməməlidir.
2. Qan durulaşdırıcı dərman qəbul edənlər
Təbii qan durulaşdırıcı təsirə malikdir. Bu səbəbdən aspirin, varfarin, klopidogrel kimi qan durulaşdırıcı dərmanlar qəbul edən insanlarda qansızma riskini artıra bilər. Əgər bu dərmanları qəbul edirsinizsə, sarıkök istifadəsini həkimlə müzakirə edin.
3. Mədə turşuluğu və xora problemi olanlar
Bəzən mədə turşusunu artıraraq qıcqırma və mədə yanmasına səbəb ola bilər. Mədə xorasından və ya reflü xəstəliyindən əziyyət çəkənlər sarıkökdən ehtiyatla istifadə etməlidir.
4. Hamilə qadınlar
Sarıkök uşaqlıq əzələlərini stimullaşdırır. Bu səbəbdən hamiləlik zamanı yüksək dozalarda sarıkök istifadəsi tövsiyə olunmur. Yeməklərdə az miqdarda istifadə zərərsiz hesab olunsa da, əlavələr şəklində qəbul təhlükəli ola bilər.
5. Dəmir çatışmazlığı olanlar
Bu ədviyyat dəmirin orqanizm tərəfindən mənimsənilməsini azalda bilər. Dəmir çatışmazlığından əziyyət çəkənlər sarıkökü mütəmadi və yüksək miqdarda qəbul edirsə, bu, vəziyyəti daha da pisləşdirə bilər.
6. Alergiyası olan şəxslər
Bəzi insanlarda sarıkök dəri səpkisi, qaşınma, nəfəs darlığı və ya mədə pozğunluğu kimi allergik reaksiyalara səbəb ola bilər. Belə hal müşahidə olunarsa, istifadəyə dərhal son verilməlidir.