
Payız aylarında hazırlanan ev konservləri qış üçün geniş yayılmış qida saxlama üsuludur. Foodinfo.az bildirir ki, düzgün şəraitdə hazırlanmayan konservlər botulizm kimi təhlükəli bakteriyaların yaranmasına səbəb ola bilər. Bu bakteriyalar zəhərlənmə və ciddi nevroloji problemlərə gətirib çıxara bilər.
Xüsusilə hava keçirməyən, təmizlənməmiş və sirkə miqdarı az olan bankalarda bu risk yüksəkdir. Ev şəraitində hazırlanmış məhsulların saxlanma temperaturu və müddəti də mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər konservləri 4-6 ay müddətində və sərin, quru şəraitdə saxlamağı məsləhət görürlər.
Əgər bankanın qapağı şişibsə, kənarında pas, qıcqırma və ya qoxu hiss edilirsə, məhsul istifadəyə yararsız sayılır. Konservləşdirilmiş tərəvəz və meyvələrin istifadəsi zamanı dad və görünüşə də diqqət yetirilməlidir. Sənaye üsulu ilə hazırlanmış konservlərdə bu risklər daha aşağıdır, lakin yenə də etiketlərə diqqətlə baxmaq lazımdır.