
Yayda yalnız bol su içmək bədəni susuzluqdan qorumaq üçün kifayət etmir – elektrolit balansı da mütləq nəzərə alınmalıdır. Foodinfo.az xəbər verir ki, Rusiyanın SM-Clinic-inin endokrinoloqu və dietoloqu Dariya Xaykina yüksək temperatur şəraitində bədənin ehtiyac duyduğu ən faydalı məhsulların siyahısını təqdim edib.
Onun sözlərinə görə, istidə təkcə su deyil, həm də kalium, natrium, maqnezium kimi minerallar orqanizmdən sürətlə çıxır. Bu itkiləri yalnız maye ilə deyil, düzgün seçilmiş qidalarla da kompensasiya etmək mümkündür.
Mütəxəssisin tövsiyə etdiyi ilk qida xiyardır. “Xiyarın 96 faizi sudan ibarətdir və kaliumla zəngindir – bu isə orqanizmin su-duz balansını bərpa etməyə kömək edir”, – deyə Xaykina Gazeta.Ru-ya müsahibəsində bildirib.
İkinci yerdə qarpız gəlir. Bu meyvə yalnız sərinləşdirici təsir göstərmir, eyni zamanda tər vasitəsilə itirilən maqnezium və təbii şəkərləri də bərpa edir.
Üçüncü faydalı içki isə təbii kokos suyudur. Xaykina onu təbii izotonik adlandıraraq qeyd edib ki, kokos suyu kalium, maqnezium və natrium kimi əsas elektrolitlərlə zəngindir. “Əlavə şəkərsiz olan növləri seçmək daha doğrudur”, – deyə o xəbərdarlıq edib.
Dördüncü sırada isə balqabaq gəlir. Xüsusilə xam formada istifadə edildikdə onun tərkibindəki 94% su isti havalarda bədəni sərin saxlamağa kömək edir.
Beşinci yerdə olan çiyələk isə 90% su ilə yanaşı C vitamini, antioksidantlar, maqnezium və kalsiumla da zəngindir. Bu meyvə yalnız susuzluğun qarşısını almaqla deyil, həm də immuniteti gücləndirməklə fayda verir.
Xaykina sonda əlavə edib ki, “təkcə içilən suya deyil, yeyilən məhsullara da diqqət etmək yay aylarında sağlam qalmaq üçün vacib şərtdir.”