Bəzən “gündəlik qidalar” kimi qəbul etdiyimiz bəzi məhsullar əslində bədənimiz üçün zərərli təsir göstərə bilər. Davamlı və həddindən artıq istifadə edildikdə orqanizmdə toksin yığılmasına, hormonal pozuntulara və xroniki xəstəliklərin yaranmasına səbəb ola bilər.

Foodinfo.az xəbər verir ki, aşağıdakı 5 qida hər gün və nəzarətsiz istehlak edildikdə orqanizmi yavaş-yavaş zəhərləyir:

1. Sosiska və kolbasa

Hazır ət məhsulları nitrat, nitrit, konservant və süni rəngləndiricilərlə doludur. Bu maddələr orqanizmdə kanserogen təsir göstərə və mədə-bağırsaq sisteminə ciddi ziyan vura bilər.

2. Şəkərli qazlı içkilər

Bu içkilər tərkibindəki yüksək miqdarda şəkər və fosfor turşusu ilə diş minasını zəiflədir, sümük əriməsinə səbəb olur və qaraciyəri yükləyir. Həmçinin insulin müqaviməti və piylənmənin əsas səbəblərindən biridir.

3. Paketlənmiş cips və qəlyanaltılar

Bu məhsullar trans yağlar, süni dadlandırıcılar və duzla zəngindir. Həddindən artıq istehlak edildikdə ürək-damar xəstəlikləri, hipertoniya və iltihabi reaksiyalara yol aça bilər.

4. Ağ çörək və digər ağ un məmulatları

Ağ un lifsiz və yüksək qlisemik indekslidir. Qan şəkərini tez yüksəldir, insulini oynadır və uzunmüddətli istifadədə diabet və kökəlməyə səbəb ola bilər.

5. Süni “diabetik” məhsullar

Sıfır şəkərli görünən bu məhsullar bəzən aspartam, sakarin, sukraloza kimi süni dadlandırıcılarla doludur. Bu maddələr hormonlara, beyinə və mədə-bağırsaq florasına mənfi təsir göstərə bilər.

Bu qidaları tamamilə həyatınızdan çıxarmaq mümkün olmasa da, nə qədər az istifadə etsəniz, bədəniniz bir o qədər rahat nəfəs alacaq. Onların yerinə təbii, evdə hazırlanan, tərkibi bəlli qidalara üstünlük verin.