Bəzi qidaların sinir sistemi üzərində müsbət təsiri var. Foodinfo.az Skandinaviya Sağlamlıq Mərkəzi-yə istinadla xəbər verir ki, qastroenteroloq Olqa Çistik orqanizmin xoşbəxtlik hormonu serotonin istehsalını artıran məhsulları açıqlayıb.

Onun sözlərinə görə, əsas rol triptofan adlı amin turşusuna aiddir. Orqanizm məhz bundan serotonini sintez edir. Lakin triptofan tək işləməz, ona köməkçi olan maddələr — B qrupu vitaminləri, maqnezium, sink və mürəkkəb karbohidratlar lazımdır. Bu maddələr amin turşusunun beyinə daxil olmasına və xoşbəxtlik hormonuna çevrilməsinə yardım edir.

Çistik qeyd edib ki, yağlı balıqlar (losos, skumbriya, sardina) orqanizmi omega-3 və D vitamini ilə təmin edir, bu xüsusilə qaranlıq aylarda əhəmiyyətlidir — dopamin səviyyəsini tənzimləyir və mövsümi yorğunluğa qarşı kömək edir. Yumurtalar və süd məhsulları isə B12 vitamini və sinklə zəngindir, bunlar beynin sabit işləməsi üçün vacibdir. Qoz-fındıq, giləmeyvə, tünd şokolad isə maqnezium və antioksidantlarla zəngindir — sinir hüceyrələrini qoruyur və stressi daha asan keçirməyə kömək edir. Paxlalılar, yulaf və bananlar isə serotoninin səviyyəsini yumşaq şəkildə yüksəldir.