Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində karantin tətbiq edilən, o cümlədən bitki sağlamlığı sahəsində potensial təhlükə hesab olunan müxtəlif zərərli orqanizmləri, onların mənbələrini, yayılma səbəblərini, sərhədlərini vaxtında müəyyənləşdirmək və fitosanitar sabitliyin qorunması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirir.
Foodinfo.az xəbər verir ki, Milli Monitorinq Planı çərçivəsində Agentliyin Şirvan-Salyan regional bölməsinin əməkdaşları tərəfindən Salyan rayonunun Yolüstü, İkinci Varlı kəndləri, Neftçala rayonunun Kürkənd kəndi, Hacıqabul rayonunun Meyniman, Qubalı, İkinci Udullu və Qubalıbaloğlan kəndlərində yerləşən nar bağlarında monitorinqlər keçirilib, xəstəlik və zərərvericilərlə sirayətlənmə əlamətləri olan meyvə və budaqdan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində tənzimlənməyən zərərli orqanizmlərdən Nar meyvəyeyəninin (Euzophera bigella) mövcudluğu təsdiqlənsə də, karantin tətbiq edilən zərərli orqanizm aşkarlanmayıb.
Monitorinqlər zamanı sahibkarlara nar bitkisinin əsas xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri, ilkin istehsal məhsullarının təhlükəsizliyinə dair sanitar-gigiyenik tələblər, həmçinin pestisid və aqrokimyəvi maddələrin saxlanması, daşınması, tətbiqi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə ətraflı məlumat verilib.