Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. 

 Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu, Ə.Gülbalayev küçəsi 9 ünvanında fəaliyyət göstərən “Təndirçi” qida obyektində antisanitar vəziyyətin olması ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən fiziki şəxs Hüseynova Mahirə Əhəd qızına məxsus qida obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, obyektdə xammal və inqrediyentlərin xarabolma və çirklənmədən mühafizə ediləcək tərzdə və şəraitdə saxlanılmadığı, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, sanitar qovşağın emal sahəsində yerləşdiyi, tullantıların ağzı kip zibil qutularında saxlanılmadığı, mexaniki havalandırma sisteminin qurulmadığı, işçi heyətin ilkin və dövrü tibbi müayinələrdən keçmədikləri və dolablar, sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub geyinmə otaqları ilə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, qanunvericiliyə uyğun tədbir görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.