Şərq mətbəxində minilliklərdir istifadə olunan sumax həm yeməklərə xüsusi turşməzə dad verir, həm də faydalı xüsusiyyətləri ilə diqqət çəkir. Tünd qırmızı rəngli bu ədviyyat son illərdə sağlam qidalanma tərəfdarlarının da maraq göstərdiyi məhsullardan birinə çevrilib.
Foodinfo.az RT-yə istinadla xəbər verir ki, sumax Aralıq dənizi bölgəsində yetişən xüsusi kol bitkisinin qurudulmuş və üyüdülmüş meyvələrindən hazırlanır. Ədviyyatın dadı limon turşuluğunu xatırladır və buna görə bir çox yeməkdə limon suyu əvəzinə istifadə edilir. Sumax əsasən kabab, ət yeməkləri, salatlar, humus, souslar və tərəvəz yeməklərinə əlavə olunur. Xüsusilə yağlı ətlərin dadını balanslaşdırdığı bildirilir.
Mütəxəssislərin sözlərinə görə, sumax antioksidantlarla zəngindir və orqanizmdə iltihabın azalmasına kömək edə bilər. Tərkibində A və C vitaminləri, kalium, maqnezium və dəmir kimi faydalı maddələr mövcuddur. Xalq təbabətində isə bu ədviyyatdan həzm problemləri, ödəmlər və bəzi iltihabi hallarda istifadə edilib.
Bununla yanaşı, sumaxdan həddindən artıq istifadə bəzi insanlarda mədə narahatlığı yarada bilər. Allergiyaya meylli şəxslərin ehtiyatlı olması tövsiyə edilir. Mütəxəssislər xüsusilə mədə xorası, yüksək turşuluq və pankreatit problemi olan insanların bu ədviyyatı məhdud istifadə etməsinin daha məqsədəuyğun olduğunu bildirirlər.






