Sağlam və uzun ömür sürmək üçün düzgün qidalanmanın böyük əhəmiyyət daşıdığı bildirilir. Aparılan araşdırmalar nəticəsində dünyanın ən faydalı hesab olunan qidalanma modelləri müəyyənləşdirilib.
Foodinfo.az xəbər verir ki, Aralıq dənizi qidalanma modeli ən sağlam qidalanma sistemlərindən biri sayılır. Bu modeldə zeytun yağı, balıq, tərəvəz, meyvə, paxlalılar və tam taxıllı məhsullar əsas yer tutur. Alimlər bildirirlər ki, bu qidalanma ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir.
Mütəxəssislər Yapon qidalanma modelini də faydalı sistemlər sırasında göstərirlər. Balıq, düyü, tərəvəz və fermentləşdirilmiş qidaların üstünlük təşkil etdiyi bu model uzunömürlülüklə əlaqələndirilir.
Şimali Avropa ölkələrində geniş yayılan Nordik qidalanma modeli də diqqət çəkir. Bu sistemdə giləmeyvələr, balıq, tam taxıllar və kök tərəvəzlərə üstünlük verilir.
Həkimlər yüksək qan təzyiqindən əziyyət çəkən şəxslər üçün DASH qidalanma modelini tövsiyə edirlər. Bu sistemdə duzun azaldılması və tərəvəz-meyvə istehlakının artırılması əsas prinsiplərdən hesab olunur.
Son illərdə bitki əsaslı qidalanmaya marağın da artdığı qeyd edilir. Mütəxəssislər tərəvəz, meyvə, paxlalılar və qoz-fındıqla zəngin qidalanmanın sağlamlığa müsbət təsir göstərdiyini bildirirlər.
Ən yaxşı qidalanma modeli balanslı, müxtəlif və insanın sağlamlıq vəziyyətinə uyğun olan qidalanmadır.






