İspanaq ən faydalı yaşıl tərəvəzlərdən biri hesab olunsa da, bəzi insanlar üçün təhlükə yarada bilər. Mütəxəssislər bildirirlər ki, bu məhsulun tərkibində yüksək miqdarda oksalat olduğu üçün müəyyən xəstəliklər zamanı ehtiyatla istifadə edilməlidir.

Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, tibb elmləri doktoru, professor Svetlana Kanevskaya ispanağın xüsusilə böyrək daşı olan insanlar üçün riskli olduğunu bildirib. Onun sözlərinə görə, ispanaq oksalat baxımından ən zəngin məhsullardan biridir və bu maddə böyrəklərdə daş əmələ gəlməsi riskini artıra bilər. Xüsusilə ispanaqlı smuzi və şirələrin tez-tez qəbul edilməsi təhlükəli hesab olunur.

Mütəxəssis qeyd edib ki, osteoporozdan əziyyət çəkən şəxslər də ispanağı məhdudlaşdırmalıdır. Oksalatlar bağırsaqda kalsiumun sorulmasını azalda bilər. Ağır böyrək xəstəlikləri olan insanlarda isə oksalatların orqanizmdə toplanması əlavə problemlərə səbəb ola bilər.

Professorun sözlərinə görə, qalxanabənzər vəzi problemi olan şəxslər də ispanağı normadan artıq qəbul etməməlidirlər. Bundan başqa, qan durulaşdırıcı dərman qəbul edən insanlar üçün də məhsulun tərkibindəki K vitamini müəyyən risk yarada bilər.

Svetlana Kanevskaya əlavə edib ki, ispanağa qarşı allergiya və ya fərdi həssaslıq şübhəsi olduqda xüsusi tibbi analizlərdən keçmək tövsiyə olunur.