Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentlik tərəfindən Rusiya Federasiyasından idxal olunan “İndyuşkin Dvor” MMC-nin istehsalı olan dondurulmuş hind quşu budu məhsulunda aşkarlanan uyğunsuzluqla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, Agentliyin Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) göndərilmiş müvafiq bildirişi əsasında, həmin qurum tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri, o cümlədən epizooloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumatlar verilib.
Rusiya Federasiyası tərəfindən baytarlıq norma və tələblərinə, o cümlədən qarşılıqlı olaraq iki ölkə arasında idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanət verilməsini nəzərə alaraq, sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti qadağa aradan qaldırılıb. AQTA-nın qərarı ilə əlaqədar “Rosselxoznadzor”a müvafiq bildiriş göndərilib.