Qat-qat xəmirdə hazırlanan ət kürəcikləri həm gündəlik süfrə, həm də qonaqlıq üçün uyğun hesab olunur. Bu yemək qısa vaxtda hazırlanması və doyumlu olması ilə seçilir. Foodinfo.az “BB.LV” saytına istinadla xəbər verir ki, xırtıldayan xəmirlə bükülmüş şirəli ət içliyi demək olar ki, hər kəsin zövqünə uyğun gəlir. Ev şəraitində rahatlıqla hazırlanan bu təam süfrəyə fərqlilik qatır.
Mütəxəssislər bildirirlər ki, bu yemək üçün mayasız hazır qat-qat xəmirdən istifadə etmək daha məqsədəuyğundur. Xəmir sobada bərabər bişir və içliyə əlavə ağırlıq vermir. Ət içliyi üçün qiymə, soğan və göyərti kifayət edir. Duz və qara istiot isə yeməyə xüsusi dad qatır.
Hazırlanma qaydasına görə, qiymə xırda doğranmış soğanla qarışdırılır, üzərinə yumurta əlavə olunur və yaxşıca yoğrulur. Xəmir nazik yayılır və zolaqlar şəklində kəsilir. Qiymədən orta ölçülü kürəciklər hazırlanır və xəmir zolaqları ilə bükülür. Daha sonra kürəciklər yağlanmış siniyə düzülür və sobada bişirilir.
Yeməyin üzərinin qızarması onun hazır olduğunu göstərir. İstəyə görə, bişirməzdən əvvəl üzərinə yumurta sarısı çəkilə bilər. Qat-qat xəmirdə ət kürəcikləri isti halda daha ləzzətli olur, lakin soyuduqda da dadını itirmir. Yanında təzə və ya turşuya qoyulmuş tərəvəzlərlə təqdim edilməsi tövsiyə olunur.
Bu sadə və fərqli yemək evdar xanımlar üçün həm vaxt baxımından sərfəli, həm də süfrə üçün cəlbedici seçim sayılır.






