Qısa zamanda hazırlanan bu salat həm sağlam, həm də doyumludur. Tərkibindəki noxud bitki mənşəli zülal mənbəyi kimi seçilir, avokado isə yeməyə yumşaqlıq və zəngin dad qatır.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bu resept hazırlanma baxımından çox sadədir və əvvəlcədən noxudu islatmağa və bişirməyə ehtiyac yoxdur – konservləşdirilmiş variant kifayət edir. Bu isə mətbəxdə vaxt itirmək istəməyənlər üçün ideal seçimdir.

Salatın əsasında Aralıq dənizi mətbəxinə xas olan yüngül və faydalı məhsullar dayanır. Zeytun yağı və limon şirəsi ilə hazırlanan sous isə bütün inqrediyentlərin dadını daha da ön plana çıxarır.


Lazım olan ərzaqlar:

  • 200 q konservləşdirilmiş noxud

  • 1 kiçik aysberq kahı

  • 8 ədəd çerri pomidoru

  • 1 ədəd avokado

  • 4 xörək qaşığı zeytun yağı

  • 1 xörək qaşığı limon şirəsi

  • duz, qara istiot


Hazırlanma qaydası:

  1. Konserv noxudun suyunu süzün.

  2. Avokadonu iki hissəyə bölün, çəyirdəyini çıxarın və qabığını soyun. Dilimləyib üzərinə limon şirəsi çiləyin.

  3. Çerri pomidorlarını iki hissəyə bölün, kahını doğrayın.

  4. Bütün ərzaqları böyük qabda birləşdirin, duz və istiot əlavə edin.

  5. Zeytun yağı və qalan limon şirəsini əlavə edib yüngülcə qarışdırın.


Bu salat 10 dəqiqəyə hazır olur və həm gündəlik menyu, həm də yüngül şam yeməyi üçün ideal seçim hesab edilir.