
Ürək-damar xəstəlikləri hələ də dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır və mütəxəssislər bu sahədə profilaktikanın ən güclü alətinin düzgün qidalanma olduğunu bildirirlər. Son illərdə ən çox öyrənilən və nəticələri elmi cəhətdən sübut olunan modellərdən biri isə Aralıq dənizi pəhrizidir. Bu pəhriz sadəcə bir qida seçimi deyil, uzunmüddətli sağlam həyat tərzi kimi qiymətləndirilir.
Foodinfo.az xəbər verir ki, İspaniyanın Barselona Universitetinin tanınmış tədqiqatçısı Prof. Ramon Estruch “El País” qəzetinə müsahibəsində Aralıq dənizi pəhrizinin ürək-damar sağlamlığını qorumaqda və ömrün uzadılmasında mühüm rol oynadığını bildirib.
Professor Estruch qeyd edib ki, bu pəhrizin əsasını təzə tərəvəz və meyvələr, tam taxıllar, paxlalılar, balıq, dəniz məhsulları, zeytun yağı və qoz-fındıq təşkil edir. Onun sözlərinə görə, bu məhsulların birgə istifadəsi damar divarlarının elastikliyini artırır, xolesterin səviyyəsini balanslaşdırır və iltihab proseslərini zəiflədir. Estruch əlavə edib ki, xüsusilə zeytun yağı ürək üçün ən güclü qoruyucu komponentlərdən biridir, çünki onun tərkibindəki antioksidantlar damarları sərbəst radikalların zədələyici təsirindən qoruyur.
Alim vurğulayıb ki, Aralıq dənizi pəhrizi yalnız ürək xəstəlikləri riskini azaldırmır, eyni zamanda diabet, obezite və yüksək qan təzyiqi kimi digər risk faktorlarının da qarşısını alır. İspaniyada aparılan və “PREDIMED” adı ilə tanınan uzunmüddətli genişmiqyaslı araşdırmalar bu pəhrizin infarkt və insult riskini əhəmiyyətli dərəcədə azaltdığını sübut edib. Estruchun sözlərinə görə, bu pəhriz həmçinin psixoloji sağlamlığa müsbət təsir göstərir, çünki beyin fəaliyyətini dəstəkləyən qida maddələri ilə zəngindir. O, insanlara gündəlik qidalanmada kiçik dəyişikliklərlə belə Aralıq dənizi pəhrizinə yaxınlaşmağı tövsiyə edib və qeyd edib ki, bu, ən etibarlı və təsdiqlənmiş sağlamlıq strategiyalarından biridir.