Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün hər üç nəfərdən birində yüksək təzyiq var. Qabaqcadan tədbirlər görülsə, qarşıdakı 30 ildə 76 milyon insanın yüksək təzyiqin yaratdığı həyati təhlükədən xilas ola biləcəyi güman edilir. Ancaq yüksək təzyiqi müalicə etməklə yanaşı, gün ərzində təzyiq səviyyələrindəki dəyişikliklər də nəzarət altında saxlanmalıdır. Orta səviyyədə saxlanılmayan qan təzyiqi infarkt və beyin qanaması kimi bir çox riski özü ilə gətirə bilər.

Bunu tanınmış kardiologiya mütəxəssisi Kamran Seyidoğlu bildirib.

Onun sözlərinə görə, yüksək təzyiq bədənin arteriyalarına təsir edən ümumi vəziyyətdir: “Əgər bir insanda yüksək təzyiq varsa, həmin şəxsdə qanı damar divarlarına itələmə qüvvəsi də yüksəkdir. Bu, ürəyin daha çox işləməsi deməkdir. Həddindən artıq işləyən ürək yorulur. Nəticədə ürəkdə infarkt, ürək çatışmazlığı, damar tutulması və beyin qanaması kimi problemlər yaranır. Yüksək təzyiq və ya hipertoniya nadir hallarda nəzərə çarpan əlamətlərə malikdir. Lakin müalicə edilmədikdə infarkt və insult kimi ciddi problemlərə səbəb olur”.

Mütəxəssis bildirib ki, qan təzyiqi müəyyən hədd arasında olmalıdır. “Qan təzyiqindəki dəyişikliklər ürəyə öz təsirini göstərir. Hipertoniya müalicəsinin məqsədi qan təzyiqini normada saxlamaqdır. Şəkər xəstəliyi, böyrək çatışmazlığı və orqan zədələnməsi varsa, təzyiq aşağı salınmalıdır. Həyat tərzi dəyişiklikləri hipertansiyon müalicəsinin əsasını təşkil edir. Eyni zamanda, dərman müalicəsi yüksək təzyiq müalicəsinin mühüm bir hissəsidir. Duzun azaldılması, konservləşdirilmiş, hazır və işlənmiş qidalardan uzaq durmaq, arıqlamaq, idman etmək, spirt və siqaretdən imtina etmək, stresdən uzaq olmaq qan təzyiqinə müsbət təsir göstərən amillərdir”, - deyə mütəxəssis əlavə edib.