Orqanizmdə hormonal balansın qorunması ümumi sağlamlığın əsas şərtlərindən biridir. Mütəxəssislər bildirir ki, düzgün həyat tərzi ilə bu tarazlığı saxlamaq mümkündür.
Foodinfo.az “Çempionat” saytına istinadla xəbər verir ki, endokrinoloq Nataliya Tananakinanın sözlərinə görə, hormonal sistemin stabil işləməsi üçün kompleks və davamlı yanaşma vacibdir.
İlk növbədə qidalanmaya diqqət yetirilməlidir. Rasionda zülallar, sağlam yağlar, vitamin və minerallar kifayət qədər olmalı, şəkər və yüksək dərəcədə emal olunmuş məhsullar minimuma endirilməlidir. Xüsusilə yod, D vitamini və omeqa-3 kimi maddələrin qəbulu mühüm hesab olunur.
Bundan əlavə, fiziki aktivlik gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməlidir. Müntəzəm hərəkət insulin və digər hormonların tənzimlənməsinə kömək edir, güc məşqləri isə sümük və əzələləri möhkəmləndirir.
Keyfiyyətli yuxu da vacib amillərdəndir. Gündə 7–8 saatlıq yuxu qalxanabənzər vəzi, böyrəküstü vəzilər və digər hormonların düzgün işləməsi üçün zəruridir. Qaranlıq mühitdə ifraz olunan melatonin hormonunun sintezi üçün yatmazdan əvvəl ekranlardan uzaq durmaq tövsiyə olunur.
Stressin idarə olunması da diqqətdən kənarda qalmamalıdır. Meditasiya, nəfəs məşqləri, gəzinti və yoqa kimi üsullar bu baxımdan faydalıdır. Eyni zamanda, mütəmadi tibbi müayinələr aparmaq, xüsusilə yorğunluq, çəki dəyişiklikləri və digər əlamətlər zamanı hormon analizləri vermək vacibdir. Profilaktik olaraq ildə ən azı bir dəfə endokrinoloqa müraciət etmək tövsiyə olunur.






